Ermənilərin bu ərazilərdə mədəniyyətini əks etdirən  heç bir şey yoxdur - Faiq İsmayılov

18:10 11.02.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu yaxınlarda bir qrup Azərbaycan QHT-ləri Ermənistan ərazisində olan Azərbaycanın milli-mədəni dəyərlərinin bugünkü vəziyyətinin yoxlanılması ilə bağlı YUNESKO-ya müraciət edərək, tarixi abidələrimizin qorunması, bərpasına yönəlik çağırışlar edib. 

YUNESKO bu çağırışları nəzərə alacaqmı və Azərbaycanla bağlı məsələyə nə dərəcədə ədalətli yanaşacaq?

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki  Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İctimai Birliyinin sədri  Faiq İsmayılov hafta.az- açqlamasında diqqəti mühüm faktlara yönəltməklə, YUNESKO-nun çağırışa səs verəcəyi təqdirdə erməni vandallığını öz gözləri ilə görmələri üçün kifayət qədər imkanların açılacağını deyib.

F.İsmayılov bildirib ki, Ermənistan işğal etdikləri Azərbayan ərazilərində xiristianlıq dövrü və xiristianlığa qədər olan tarixi mədəniyyət abidələrini erməni kilsəsi və ya erməni monastrı kimi  dünyaya təqdim eliyir.

“Halbu ki, ermənilərin barmaqla sayıla bilən kilsələrindən biri Bakıdadır ki, o da yüksək səviyyədə qorunur.  Eyni zamanda ermənilərin Şuşa şəhərində “Qazançı” adlandırdığı kilsəsi də yoxdur.  Bu, rus-provaslav kilsəsidir. Çar Rusiyası Azərbaycan ərazillərini işğal eliyəndə regionlarda yerləşdirdikləri əsgərlər üçün ibadət yerləri də hazırlamaq istəyirdilər. Şuşa şəhərində xanlığın divanxanası üzərində bir zəng qurdular ki, əsgərlər orda ibadət etsinlər. Sonralar sovet dövründə bu ibadət yeri rus-provoslav kilsəsi formasında inşa olunub.  Burda ermənilərə, erməniçiliyə aid heç nə yoxdur”.

F.İsmayılov bildirib ki, Yunesko Ermənistan ərazisində yerləşən tarixi və mədəniyyət abidələrimizin mövcudluğu araşdırılmalıdır.

“Burda bazillikalar, məbədlər, alban dövrü abidələri, yəni xiristian dövrünə qədər xeyli abidələr mövcudur. Eyni zamanda islam dövrü abidələri – məscidlər , türbələr, qəbiristanlıqlar, qəbirüstü abidələr və sair var.

Eramızdan əvvəl  I-II minillikdən bu yana həmin ərazilərdə mövcud olan bütün tarix və mədəniyyət  abidələri Oğuz Mədəniyyəti, Alban dövrü mədəniyyəti, İslam  dövrü mədəniyyətini əhatə edir.  Ermənilər bu ərazilərdə sıx halda yaşamadıqları üçün  onların mədəniyyətini əks etdirən  heç bir şey yoxdur”.

F.İsmayılov YUNESKO-nun xoşməramlı missiyasının Azərbaycana və Ermınistana gəlişinə inanmadığını deyib.

 “30 ilə yaxın müddətdə Azərbaycan əraziləri Ermənistanın işğalı altında qalanda ordakı tarix və mədəniyyət abidələrinin vəziyyətini yoxlamaq üçün  monitoriqn qruplarının yaradılması üçün dəfələrlə  YUNESKO-ya müraciət elədik. Müraciətlərimiz hamısı cavabsız qaldı və yaxud da rədd edildi.  YUNESKO hətta ermənilərin Moskvadan durub etdiyi şantajına gedərək  Bakıda və işğaldan azad olunmuş ərazilərdə erməni abidələrinin azərbaycanlılar tərəfindən  dağıdılması təhlükəsini bəh-bəhlə qəbul etdi.  Halbu ki, o adları çəkilən abidələrin heç birində erməni izi, erməni mədəniyyətinə aid heç nə yoxdur”.

F.İsmayılov hesab edir ki, bu missiya YUNESKO tərəfindən Azərbaycana və Ermənistana göndrilərsə  çox müsbət hal olar.  Onun fikrincə, YUNESKO nümayəndələri ölkəmizə gələrsə biz  Ermənistan ərazilərindəki  tarix və mədəniyyət abidələrimizin, hətta alban dövrü xiristian abidələrinin ermənilər tərəfindən  necə dağıdıldığını, qəddarlıqla yox edildiyini nümayiş etdirə bilərik.